|
Filmin ssenari müəllifi və baş prodüsseri ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevdir
Bu gün saat 19:00-da, Səməd Vurğun adına Rus Dram Teatrında «Bakıfilm» studiyasının istehsalı olan «Seçilən» filminin təqdimat mərasimi keçiriləcək. Təqdimat mərasimində, dövlət və hökümət rəsmiləri, ictimai xadimlər və sənət adamları iştirak edəcək. Qeyd edək ki, film Ermənistan hakimiyyətinin Azərbaycan prezidentinə qarşı hazırladığı terror aktından və bu cəhdin qarşısının alınmasından bəhs edir.
Qeyd edək ki, film Azərbaycanda ilk dəfə siyasi triller janrında lentə alınıb. Filmin ssenari müəllifi və baş prodüsseri ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevdir. Bu filmin süjeti ona, Dağlıq Qarabağ müharibəsini keçmiş jurnalist, bu müharibədə qardaşını itirmiş qardaş, bir Azərbaycan vətəndaşı kimi çox yaxındır - filmdə Dağlıq Qarabağ probleminin həqiqətləri, Ermənistanın terror siyasəti seçməsi qabardılır. 93 dəqiqəlik film kəskin süjetlidir, onun ərsəyə gətirilməsi üçün isə külli miqdarda maliyyə vəsaiti xərclənib.
Seçilən İlham Əliyevi filmdə aktyor Qurban Səlimov, Serj Sarkisyanı Əlibaba Əsgərov, Robert Köçaryanı Nazir Rüstəmov, Zorik Babayanı Kazım Abdullayev ifa edib. Hər dörd aktyor ssenari ilə tanış olarkən üzərlərinə düşən məsuliyyəti hiss edərək filmə çəkilməyə razılıq veriblər.
|