
“Təxminən 10 gün əvvəl ”Milli ordumuzda vəhşilik!" başlığı altında yayılan videoroliklə bağlı faktın üstü açılıb. Bu faktla bağlı araşdırma aparan dövlət orqanları həmin vəhşiliyin baş verdiyi hərbi hissəni aşkarlayaraq qanunazidd əməlləri törədən şəxsləri həbs ediblər. Hərbi hissənin komandiri və onun müavini isə tutduqları vəzifədən dərhal azad olunaraq sərəncama göndəriliblər". Bu barədə qəzetimizə məlumatlı mənbələrdən xəbər daxil olub. Qaynağımızın deməsinə görə, faktın üstü təxminən bir həftəlik araşdırmalardan sonra 5 gün öncə açılıb. Xatırladaq ki, həmin videorolikdə təsvir olunan səhnələr qeyri-adi dərəcədə heyrətamiz idi. Ona baxanda hərbi xidmətə yeni çağırılmış əsgərlərin yataqxananın (kazarmanın) içində, çarpayıların qarşısında sıraya düzülərək “dembel”lər tərəfindən amansızcasına döyülməsi, şillə-təpiyin altına salınaraq alçaldılması açıq-aydın görünürdü. İlk günlərdə mətbuat bu məsələ ilə bağlı geniş araşdırma aparmaq, hərbi hissənin nömrəsini və onun hansı nazirliyə - Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinə, Sərhəd Xidmətinə yaxud başqa bir quruma məxsus olmasını, həmin qudurğan çavuşların kimliyini dəqiqləşdirmək istəsə də buna nail ola bilməmişdi. İctimai rəyin yetərincə böyük həssaslıqla yanaşdığı bu məsələnin böyüdüyünü və əsas diqqətin orduya yönəldiyini görən Müdafiə Nazirliyi faktla bağlı daha müfəssəl araşdırma aparmaq üçün hətta mediadan da kömək istəmişdi. Lakin ortada nə nəticə, nə də buna müvafiq heç bir açıqlama hələ də yox idi. Bununla belə mənbəmiz aparılan araşdırmaların nəhayət ki, nəticə verdiyini bildirir. Onun sözlərinə görə, sözügedən videorolikdə təsvir olunanlar Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hacıqabulda yerləşən “N” saylı hərbi hissəsində baş verib. Əsgərləri döyən “ded”lər isə artıq həbs olunub. Dünən bu faktla bağlı apardığımız araşdırmalar nəticəsində həmin “ded”lərin kimliyini də öyrənə bildik. Məlum oldu ki, bunlar kiçik çavuşlar Vüqar Ağayev və Eldəniz Rəhimovdur. Onlar artıq 5 gündür ki, Bayıl təcridxanasında saxlanılır. Qaynağımız bizə bununla bağlı daha ilginc bir fakt açıqladı. Onun deməsinə görə, həbs olunan həmin “qoçubala” çavuşlardan biri Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı olan yüksək rütbəli zabitlərdən birinin oğludur. Amma həmin zabitin Vüqar Ağayevin, yoxsa Eldəniz Rəhimovun atası olduğunu dəqiqləşdirmək mümkün olmadı. Dünən məsələ ilə bağlı Daxili Qoşunların mətbuat xidməti ilə də əlaqə saxlayaraq çavuşlardan savayı hərbi hissə rəhbərliyinin cəzalandırılıb-cəzalandırılmadığı ilə maraqlandıq. Mətbuat xidmətinin adının çəkilməsini istəməyən əməkdaşı qəzetimizə açıqlamasında videorolikin Daxili Qoşunların Hacıqabulda yerləşən “N” saylı hərbi hissəsində çəkildiyini təsdiq edərək bildirdi ki, bu hadisə ilə əlaqədar hərbi hissə komandiri və onun tərbiyəvi işlər üzrə müavini vəzifələrindən uzaqlaşdırılıblar. Xidmət əməkdaşı istintaqın davam etdiyini əsas tutaraq zərərçəkən əsgərlərin, eləcə də hərbi hissə komandiri ilə onun müavininin adını çəkməkdən imtina etdi. Yalnız onu dedi ki, döyülərək alçaldılan əsgərlər bu ilin iyulunda həqiqi hərbi xidmətə çağırılaraq sözügedən hərbi hissəyə göndəriliblər. Bununla belə araşdırmalarımız nəticəsində hərbi hissə komandiri ilə onun müavininin də adlarını öyrənə bildik. Bunlar - hərbi hissənin komandiri, polkovnik-leytenant Hamlet Qurbanov və hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini, polkovnik-leytenant Bəylər Eminovdur. Əldə etdiyimiz məlumata görə, hər iki zabitə şəxsi işinə yazılmaqla şiddətli töhmət verilib və onlar tutduqları vəzifədən dərhal azad olunaraq sərəncama göndəriliblər. Bir daha qeyd edək ki, internet saytlarında və mobil telefonlarda yayılan videorolikdə iki nəfər nisbətən cüssəli şəxs təxminən 20-25 (bir tağımda olan qədər) əsgəri kazarmada sıraya düzüb şillələyir, təpikləyir, vurub yıxır və bununla da qürrələnir. Əsgərləri döyən şəxslər üst geyimlərini çıxardığı üçün onların rütbələrini müəyyən etmək mümkün deyil. İlk olaraq videoroliki yayan sayt görüntülərə belə reaksiya vermişdi: “Axı əsgərliyə yeni gələnlərin günahı nədir ki, köhnə əsgərlər (”dembellər") onları döyürlər? Belə vəhşilikmi olar? Axı bu gənclər vətənin keşiyində durmaq üçün milli orduya gəliblər, niyə onları belə alçaldırlar?" Ötən sayımızda bu suallara cavab verən Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu belə demişdi: “Tamamilə yalan, heç bir əsası olmayan məkrli bir təxribatdır. Belə şey sadəcə mümkün deyil. Bunu kimsə edibsə, yalnız Azərbaycana düşmənçilik məqsədi güdüb. Hərbi paltar geyinib hansısa tamaşanı hazırlamaq elə də çətin iş deyil. Çox təəssüf ki, Azərbaycanda bu cür internet saytları fəaliyyət göstərir. Mən bunu Azərbaycan Silahlı Qüvvələrinə qarşı təxribatçı mövqe kimi qiymətləndirirəm. İddia olunur ki, guya orduda ”dedovşina"nın hökm sürdüyünə misaldır. Artıq neçə ildir Azərbaycan ordusunda “dedovşina” tendensiyası aradan qaldırılıb. Ona görə də mən bunu çox gözəl tamaşa kimi dəyərləndirirəm. Çünki bu hadisə həqiqətən də baş versəydi, onu qətiyyən gizlətmək olmazdı. Sadəcə Azərbaycan ordusunu aşağılamağa, xalqla ordu arasında nifaq yaratmağa xidmət edir". İndi isə ortada konkret faktlar, ünvanlar, şəxslər və həbslər var deyə bunu tamaşa adlandırmaq çox çətindir. Bəs görəsən, YAP-ın ideologiya-informasiya işindən, yəni boş sözçülükdən ordu kimi məsul bir sahəyə işə gətirilən, bu sahəni mülki həyatla tez-tez səhv salan hörmətli Eldar Sabiroğlu ordunu yeyən faktlara nə vaxtadək gözəl sözlərlə bəzək-düzək vurub diqqəti yayındıracaq?
|