“Milli domen bazasından day.az-ın melumatları silinib”
[
]
19.02.2009, 20:41
Azərbaycan İnternet Forumu: “Ümumiyyətlə, bu Layihənin bağlandığı bildirilib” Azərbaycan İnternet Forumu (AİF) Day.az saytının bağlanması ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, fevralın 19-da axşamdan etibarən rusdilli Day.az və onun ingilis dilli versiyası today.az informasiya resurslarının fəaliyyəti dayandırılıb: “Day.az–ın təmsilçilərinə istinadən bu gün saat 16-dək internet vasitəsilə saytın bağlanmasının səbəblərinin araşdırıldığı haqqında məlumatlar yayılıb. Saat 16-dan etibarən həmin mənbələrə istinadən ümumiyyətlə, bu Layihənin bağlandığı bildirilib”.
AİF elan edib ki, fevralın 19-dan etibarən Azərbaycan İnternet məkanının əsas milli domen bazasından (Whois.az-dan) day.az domeninin məlumatları silinib. Hazırda sanki bu milli internet ünvanının heç kimə mənsub olmamağı haqqına whois.az resursunda məlumat yerləşdirilib.
AIF-ə daxil olan məlumata görə, Day.az resursunun qapadılması və milli internet ünvanının – day.az domeninin fəaliyyətinin dayandırılması haqqında heç bir məhkəmə qərarı olmayıb.
Whois.az milli domen məlumat sisteminin və “az” domeninin hazırda inzibatçılığını həyata keçirən məsul şəxslər AIF-ə bununla bağlı açıqlama vermək istəmədiklərini bildiriblər.