
Evin ortasına atılmış çirkli paltarlardan, bir qayğanaq üçün müharibə meydanına dönmüş mətbəxdən, evdə açar telefon və s. itirərək məsuliyyəti sizin üstünüzə yıxan ərinizin bu rəftarından bezmisinizsə, Amerikada satışa çıxan yeni kitab sizə kömək edə bilər.
Ənənəvi şikayətlər.
Kitabı hazırlayan amerikalı jurnalist Emy Suterland nə psixoloq, nə də ailəarası əlaqələr mütəxəssisi deyil. Onun, “Fərsiz ərinizi xəyalınızdaki ideal həyat yoldaşına necə çevirmək olar?” tərzindəki əsəri həm düşündürücü, həm gülməli, həm də maraqlıdır. Emynin 12 illik keçmişlərinə baxmayaraq hələ də aşiq olduğu əri digər həmcinsləri kimi qayğısız, dalğın, ehmalkar, hər yerə gecikən və s. bu kimi mənfi xüsusiyyətlərə sahibdir. Emy bəzən danışaraq, bəzən dalaşaraq bundan çıxış yolu axtarırdı. Ancaq heç bir şey əldə edə bilmədi. Hətta psixoloqda da dərdinə dərman tapmadı.
Bu işi həll etməkdən ümidini kəsən Emynin həyatı və kişilərə baxışı bu mövzu ilə heç bir əlaqəsi olmayan bir layihə sayəsində dəyişdi. Emy o dövrdə heyvanların təlimləndirilməsi ilə əlaqəli kitab hazırlayırdı. Bu səbəblə də Kaliforniyaya gedib gəlməyə başladı. O burada təlimlər nəticəsində itlərin tək ayaqüstə dayandığını, pumanın dırnaqlarını kəsmək üçün pəncələrini uzatdığını, suitinin burnunda top fırlatdığını və s. müşahidə etdi. Bu prosesləri izləyərkən Emynin beynində ildırım çaxdı. “Yırtıcı məxluqlar bütün bu imkansız hərəkətləri icra edə bilirsə, bu metodla evdəki fərqli məxluqla da müsbət nəticələr əldə etmək olar”. Bu acı bir həqiqət idi ki, evdəki fərqli məxluq əri idi.
Emy Suterlandın bu maraqlı, özünəməxsus təcrübəsi və əldə etdiyi naliyyət ilk dəfə “The New York Times” qəzetində qısa bir məqalə kimi nəşr olundu. Bu məqalə o ilin ən çox göndərilən e-maili seçildi. Emy “NBC” nin məhşur “The Today” şou proqramında iştirak etdi və Hollivuddan film təklifləri aldı. Hətta bunlardan birini də qəbul etdi. 2008-ci ilin fevral ayında isə “Shamu mənə həyat, eşq və ailə barədə nə öyrətdi? Heyvanlardan və təlimçilərdən insanlar üçün dərslər” – adlı kitabı satışa çıxdı.
(Kitabdan müxtəsər məlumatlar)
Kişi tərbiyəsinin təməl prinsipləri Yaxşı hərəkətlərini tərifləyin. Bir dəfə də olsa kirli corabını çıxararaq özü vannaya atsa bunun üçün ona təşəkkür edin. Xoşunuza gələn bir hərəkətini görəndə yanağına öpüşlə və ya sevdiyi yeməyi bişirərək onu mükafatlandırın. Unudulmamalıdır ki, göstərilən reaksiyanın pisi də, yaxşısı da, davranışı dəstəkləyir. Xoşunuza gəlməyən davranışa qarşı səbrli olun və özünüzü görməməzliyə vurun. Boş şeylər üçün dır-dır etməyin.
Çığırmaq, dava-dalaş salmaq onun sıxıcı xasiyyətlərini ancaq mütəmadiləşdirər. Ətrafa atılan çirkli paltarlar sadəcə çirkli paltardır. Bu sizin əriniz deyil.
Ərinizin sizdən fərqli, başqa bir insan olduğunu qəbul edin. Beləcə obyektiv olmaq daha asan olar. Səhvi özünüzdə axtarın. İşə yaramayan strategiyaları dəyişdirin.
Diqqətini başqa yerə cəlb edin. Misal üçün mətbəxdə ayağınıza dolaşmaması üçün televizorun qarşısına təzə meyvə şirəsi və cipsi qoyun.
I Dərs. Yaxınlaşdırın
Emynin heyvan təlimçilərindən öyrəndiyi əsas dərs, bəyənilən rəftarı mükafatlandırmaq, xoşagəlməz hərəkətlərini isə görməməzliyə vurmaqdır. Kaliforniyadan Maindəki evinə qayıdan Emy, ərinə çox fərqli rəftar etməyə başlayır. Ən kiçik müsbət hərəkətinə qarşı ona təşəkkür edir. İkinci yaxşı hərəkətini öpüşlə mükafatlandırır. Evdəki dağınıqlığı isə görməməzliyə vurur. Zaman içində Emynin əri təriflənməkdən xoşlandıqca müsbət davranışları da çoxalır.
II Dərs. Səbrli olun
Təlimçilərin bəyənmədikləri rəftara qarşı reaksiya verməməsinin adı isə “Gücləndirici sindrom”dur. Müsbət və ya mənfi hər hansı bir reaksiya rəftarı dəstəkləməkdən başqa bir işə yaramır. Halbuki hər hansı bir reaksiya verilməsə həmin xoşagəlməz rəftar da zaman içində yox olur. Emy üçün çətin olsa da, xoşuna gəlməyən rəftarlara qarşı səbrli olmağa qərar verdi.
III Dərs. İmkanı yox et
Bu dərs diqqəti başqa yerə cəlb edərək xoşagəlməz rəftarın qarşısını almaq, hətta mümkündürsə buna imkan verməməkdən ibarətdir. Emy bu metod sayəsində yemək hazırlayarkən ərini mətbəxdən uzaqlaşdırmaq üçün salonun uzaq küncünə bir qabda təzə şirə və bir qab cips qoydu. Nəticə olduqca gözəl oldu.
IV Dərs. Təqsiri şəxsiləşdirməmək
Dördüncü qayda səhvləri əsla şəxsi olaraq dəyərləndirməməkdir. Əvvəllər ərinin mənfi hərəkətlərini özünə təhqir kimi qəbul edən Emy artıq buna da son verdi. Təlimçilərin bu şüarını mənimsədi. “Səhv heç bir vaxt heyvanda deyil”. Beləcə öz reaksiyasını və xətalarını da təhlil etməyi öyrəndi. Artıq qəbul etdi ki, ərinin bəzi rəftarları fitridir və dəyişdirilməsi mükün deyil. Emynin həyatı artıq düzəlməyə, ailə həyatı isə daha nizamlı olmağa başlayıb. Bu vəziyyəti öyrənən əri isə buna görə narahat olmamış, əksinə özü də bu metodlardan arvadına qarşı istifadə etməyə başlamışdı.
|