Senetçiler Araşla bağlı ortaq reye gele bilmediler.
[
]
07.02.2009, 16:02
İctimaiyyətin tanınmış simalarının bir hissəsi seçimi dəstəkləyir, o birilər tənqid edir Əslən Cənubi Azərbaycandan olan bəstəkar və müğənni Araşın “Eurovision-2009” da Azərbaycanı təmsil edəcək Aysel Teymurzadə ilə əməkdaşlığı ictimaiyyətdə birmənalı qarşılanmayıb. Lent.az-ın bir sıra tanınmış şəxslər arasında apardığı sorğu da Araşın namizədliyi ilə bağlı ciddi fikir ayrılığı olduğunu göstərdi.
Bəstəkar Eldar Mansurov “Eurovision” missiyasını keçən il bitirdiyini iddia etdi: “Onları təbrik edirəm, uğurlu çıxış arzulayıram. Cavan uşaqlardır, gedib orada iştirak etsinlər. O ki qaldı mənə, keçən il iştirak etdim, münsiflər heyətinin tərkibində oturdum, bununla vəzifəmi bitmiş hesab edirəm. İndi qoy başqaları iş görsünlər, bizdən keçdi. Keçən il münsiflər heyətinin tərkibində oturub fikrimi söylədim. Əgər mən Bəstəkarlar İttifaqının rəsmi təmsilçisiyəmsə, güman edirəm ki, məni də çağırmalıydılar. Orada oturanlar özləri artıq məsləhət ediblər. Daha mən nə deyə bilərəm?”
Vaqif Gərayzadə isə mahnı yaxşı olduğu halda etiraz etməyəcəyini vurğuladı: “Əgər mahnı yaxşıdırsa, qalib gəlmək üçün yazılıbsa, nə deyə bilərəm?” Bəstəkar bu il mahnısını seçimə təqdim etmədiyini də açıqladı: “Sadəcə olaraq qəribə oldu - özüm də bilmədim ki, müsabiqə nə vaxt elan olundu. Hər şey qəfil baş verdi. Mahnı yazmaq üçün isə ən azı bir neçə gün vaxt lazımdır, düşünmək lazımdır. Yaradıcılıq prosesi vaxt aparır”. V. Gərayzadə hesab edir ki, Araşın mahnıları Ayselin səsinə uyğun gəldiyi üçün yekunda da onun bəstəsini bəyəniblər: “Mənə elə gəlir ki, bu, prodüser və təşkilat komitəsi tərəfindən düşünülmüş addımdır. Kim oxuyacaqsa, ona uyğun mahnı tapılıb. Yaxşı çıxış üçün yarayırsa, etiraz olmamalıdır”
Aysel Teymurzadəni “Yeni Ulduz” müsabiqəsinə iştirakçı kimi qəbul edən Mübariz Tağıyev isə Araşın mahnısının seçilməsinə qəti etiraz etdi: “Hələlik heç bir şey fikirləşmirəm. Başa düşə bilmirəm, bəstəkarlarımız var, bunu etmək üçün imkanımız var. Haradan gəlir, nə cür idarə olunur, niyə belə düşünürlər - anlamıram. Sözün açığı bu işə qarışmaq belə istəmirəm”. Xalq artisti seçimi təəccüblə qarşıladığını da əlavə etdi: “İstərdim ki, öz bəstəkarlarımızdan kiminsə bəstəsi olsun, musiqi sırf Azərbaycan musiqisi olsun. Bunu istərdim. Bizim musiqimiz həddindən artıq güclüdür. Bundan nədənsə istifadə edə bilmirik. Gənc bəstəkarlar ayrı istiqamətdə axtarışları aparırlar. Melodiya baxımından mahnılar çox cılızlaşıb. Ritm və harmoniya üzərində tutulur”. M. Tağıyevin qənaətinə görə, professional bəstəkarlarımız yaxşı vəsait müqabilində kifayət qədər güclü material təqdim edə bilərlər: “Həqiqət ondan ibarətdir ki, Sovetlər Birliyi parçalandıqdan sonra Azərbaycanda gedən ictimai-siyasi proseslər bəstəkarlarımıza ciddi təsir edib. Elə gənclər də, peşəkarlar da pul qazanmaq üçün çox problemlərlə üzləşiblər. Gəlin bununla razılaşaq. Ona görə də bəstəkarlar bu gün restoranlar üçün mahnılar yazırlar, o istiqamətdə işləyirlər. Əgər onlara əvvəlcədənbelə bir fikir olduğu deyilsəydi, yaxşı, keyfiyyətli iş alına bilərdi. Bu gün kifayət qədər müasir düşüncəli bəstəkarlarımız var. İstərdim ki, öz bəstəkarlarımız nə isə ortaya çıxarsınlar. Biz axı kimdən əskiyik?”
“Lider” telekanalının baş prodüseri Murad Dadaşov isə Araşın Aysel Teymurzadə ilə əməkdaşlığını müsbət qiymətləndirir: “Hesab edirəm ki, Araşın mahnısını seçən insanlar kifayət qədər savadlı, ağıllı adamlardır. Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Lalə Kazımova, İsmayıl Ömərov – tanınmış, təcrübəli simalardır. Onlar bu mahnını seçiblərsə, demək, yerdə qalan mahnılar bu müsabiqə üçün uyğun deyillər. İkincisi, onlar bunu birinci dəfə etmirlər. Müsabiqə çərçivəsində kifayət qədər təcrübə yığmış insanlardırlar. Araşın mahnısı promo-turlarda bizə reklam gətirəcək. Olsun, niyə də yox! İsa Məlikov, Emil Şahin, Murad Arif kimi adlar kifayət qədər populyar olandan sonra onlar da iştirak edə bilər. Mənə elə gəlir ki, burada neqativ heç nə yoxdur. Qoy olsun, bu sınaqdır. Heç kim qələbənin tam düsturunu bilmir”. M.Dadaşov Araşın seçilməsinin yerli bəstəkarlara inam olmadığı anlamını vermədiyini də qeyd etdi: “Bizim bəstəkarlarımızın yazdığı mahnılar yaxşıdır. Lakin bu müsabiqəlik deyil. Heç bir bəstəkarın yazdığı mahnı Araşın mahnıları qədər populyar deyil. Qərarı verən insanlar məsuliyyətsiz insanlar deyil. Heç kim düşünməsin ki, bu qərarı verən insanlar Azərbaycana pislik etmək niyyətindədirlər”. Murad Dadaşov ictimaiyyəti qərara hörmətlə yanaşmağa çağırdı: «Gəlin hamılıqla qərara hörmət edək. Ayselin də, Araşın da, münsiflər heyətinin də məqsədi Azərbaycanı uğurla təmsil etməkdir. Biz bu qərarı tənqid etməklə düşmənlərimizi özümüzə güldürməməliyik. Araş özü də mətbuat konfransında açıqladı ki, o da azərbaycanlıdır”.