
Az qala iki yüz ildir ki, qədim yunanların Zoroastr adlandırdıqları Zərdüştün (Zaratuştra) - Zərdüştilik dininin yaradıcısı sayılan bu dahi şəxsin harada anadan olması məsələsi elmdə mübahisələr doğurmaqdadır. Bu məsələ hələ də müəyyənləşdirilməmiş qalır. Müasir zərdüştilər və orta əsr müsəlman tarixçilərinin əksəriyyəti (Biruni, Balazuri, Qəzvini, Yaqut əl-həməvi və b. ) zərdüştiliyin son dövr mənbələrinə əsaslanaraq, belə hesab edirlər ki, Zərdüşt Azərbaycanda doğulmuşdur. Çağdaş tədqiqatçılar onun doğum yeri kimi Orta Asiyanı və hətta Rusiyanı da göstərirlər. Bununla birlikdə çoxsaylı rəsmi atəşgahları öz qoynunda saxlamış Azərbaycanın atəşpərəstlərin müqəddəs kitabı Avestanın yaranmasında və yayılmasında , eləcə də zoroastrizmin dövlət dini səviyyəsinə qaldırılmasında böyük rol oynadığı halhazırda hamı tərəfindən qəbul olunur. Zərdüştilərin ən müqəddəs saydıqları üç atəş-gahdan biri - Adurquşnasp (bəlkə Azərkəşəps?) burada, Şiz (indiki Təxti Süleyman) şəhərində yerləşirdi. Üç min il bundan qabaq ( qədim salnamələrə görə, Zərdüşt Makedoniyalı İsgəndərdən 258 il əvvəl yaşamışdır) Azərbaycanın cənubunda yerləşən Ürmiyə şəhərində Zbar dağının ətəyindəki Dərəcə çayının sahilində tikilmiş sarayda Puruşaspa adlı bir kişi yaşayırdı. Onun arvadının adı Doqdo idi. Onların Zərdüşt adlı bir oğlanları vardı. Orta əsrlərdə yaranmış "Zərdüştnamə" adlı kitabda deyilir ki, uşaqlıqda Zərdüşt yaşıdlarından heç zaman ağlamaması və daim öz gülüşü ilə evlərini ilahi nura qərq etməsi ilə seçilirmiş. hələ uşaqlıq çağında o, öz müdrikliyi ilə seçilir və şərə qulluq edən sehrbazların onu aradan götürmək cəhdləri həmişə uğursuzluqla nəticələnir. Erkən yaşlarından ruhanilərdən dərs alan Zərdüşt on beş yaşından kamil bir din xadimi kimi həqiqət axtarışı ilə dünyanı dolaşmağa başlayır.
|