Sən məni unuda bilməyəcəksən
Gəzib dolanarsan taleyi küskün,
Sən məni unuda bilməyəcəksən
Etriraf edərsən özündə bir gün
Sən məni unuda bilməyəcəksən
Bir həsrət izi var qaşda qabaqda
Çin olmaz arzunam səndən uzaqda
Gülüm yaşasan da kefdə damaqda
Sən məni unuda bilməyəcəksən
Qədirsiz vüsalı tez buraxmışam
İndi hicranıma döz, buraxmışam
Sənin varlığında iz buraxmışam
Sən məni unuda bilməyəcəksən
Min sual doğurar hər künc, hər bucaq
Xatirəm köksündə qalanmış ocaq
Özünü unuda bilərsən –ancaq
Sən məni unuda bilməyəcəksən
Bitər dodağında bir eşqin ahı
Gah göyə yüksələr, səngiyər gahı
Görsən də Sabirdə bütün günahı
Sən məni unuda bilməyəcəksən