|
*İnsan həyatında ağlamağın rolu*
*Ağlamaq savabmı yoxsa günahmı?
..::daha ətraflı Ləmanın dedikləri::..
Şənbə günü hüzr yerində idim. Anamın dayısının 3-ü idi. Hüzr yerlərinə getmək günü yaxınlaşanda elə həyəcan keçirirəm ki... Bilmirəm bu həyəcanın mənbəyi nədir. Bəlkə qurulmuş nimdaş çadırının görünüşü, bəlkə qəsidəçinin uca səslə dünyadan köçmüş insanın arxasınca qəsidələr, bayatılar, laylalar deyərək onun yaxınlarını hönkür-hönkür ağlamağa vadar etməsi? Bilmirəm. Amma könlüm çox sıxılır belə məclislərdə. Deyəcəksiniz ki, bizim guya çox xoşumuz gəlir? Deməyə çox şey var, amma masanın üzərinə növbənöv yeməklərin düzülüşü, camaata yemək fasiləsi verən, sonra da yenidən hamını ağladan mollanın savadsızlığı adamı lap özündən çıxarır. Aman Allah! Siz görərdiniz bu qadını! Mən anlayıram ki, hər kəs evinə çörək aparamaq istəyir. Bəlkə sən bu çörəyi halal yolla, düzgün vasitələrlə, camaatı savadlandıraraq, maarifləndirərərk aparasan???? Onun yanında əyləşmiş və rəhmətə getmiş yaxınlarının yadında niyə digər ölüləri də salırsan? Necə deyərlər məclisi yola vermək istəyirsən bu yolla? Toyda daha çox rəqs edən, yasda da daha çox ağlayan məsəlini əlində bayraq tutaraq özünü əmməlli-başlı ağladan qəsidəçi ad-sanına yiyələnmək istəyən molla qadınlarımız bəlkə şəriətlə, dinlə bağlı bir-iki kitab açıb oxusaydılar, bütün bunlara heç dünyasını dəyişəninin yaxın adamının ehtiyacı olmadığını görərdilər. Yaxınını itirmiş adamı sakitləşdirmək, ona toxtaqlıq vermək əvəzinə daha da ağlatmaq, qadınların gözlərini ağlatmaqdan quş gözünə döndərmək nəyə lazımdır görəsən??? Hələ bir şey də deyim. Çadırda reklam pauzasına (üzr istəyirəm!) bənzər bir şey yarandıqda qulağımla eşidirəm ki, həmən bu "molla" yanında əyləşmiş qadına nə desə yaxşıdır? - Sən niyə ağlayırsan ki? Dinimizdə ölənin arxasınca ağlamaq günahdır. Ağlamaq olmaz! Yanındakı ona demir ki, bəs səhərdən məni niyə ağladırsan? Bu şəraitdə özümü necə aparmağım haqda bəlkə 1-2 məsləhət verəsən? Amma ağlatmasa da olmur. Onda çadırdakılar da deyəcək ki, nə qəribə molladır? Bəs biz onu bura ağlatmağa çağırmamışıq ki.... Nəysə... Həmişə böyüklərimə belə sual verirəm: - Nəyə görə toy bir gün olur, amma yas bir neçə günlər qeyd olunur? Bəs Allaha ağır getməz? Heç kim mənə cavab verə bilmir. Deyirlər ki, peyğəmbərimiz belə buyurub. Amma əslində din savadı (söhbət əsl din savadı alandan gedir) alan şəxslərə belə bir sualla xitab etdikdə onlar 3,7,40 kimi günlərin əslində qeyd olunmağının səhv olduğunu bildirirlər.
Onsuz da rəhmətə getmiş adama bundan heç bir isti və ya soyuqluğu yoxdur...
|