AİDS düşündüyündən də yaxındır... İnsanlığı ucuruma sürükləyən AİDS bütün dünyanın diqqət mərkəzindədir. Bəşəriyyət hələ də AİDS qarşısında acizdir. Son 20 il ərzində bu fəlakət bütün qitələri əhatə etmişdir. Hazırda 42 mln insan HİV daşıyıcısıdır. Hər 11 saniyə 1 nəfər, hər dəqiqə 25 yaşınadək 6 nəfər HİV ilə yoluxur. Hesablamalara görə planetin hər 100 nəfər sakinindən biri artıq HİV-ə yoluxmuşdur və 3-5 ildən sonra 20-29 yaşlı insanlar arasında ölümün əsas səbəbi AİDS olacaq. Dəhşət də elə bundadır ki, yoluxanların əksəriyyəti gəncdir və ömrün bahar çağında insan həyatına son qoyulur. AİDS nəticəsində 14 mln uşaq ailə sevgisindən məhrum olaraq yetim qalmışdır. Axı bu körpələrin günahı nədir?! Çox əfsuslar olsun ki,bu epidemiya Azərbaycandan da yan keçməyib. Rəsmi məlumatlara əsasən respublikamızda 680 nəfər HİV daşıyıcısı qeydə alınıb, amma təbii ki, real göstəricilər bu rəqəmdən qat-qat yüksəkdir və bütün bunlar narahatçılıq üçün kifayət edir.
Nədir AİDS? AİDS / SPID / QIÇS və ya QİDS - yəni, qazanılmış immun çatışmamazlığı sindromu immun sistemin tədricən zəifləməsinə, orqanizmin müdafiə qüvvəsinin tükənməsinə səbəb olur. Nəticədə orqanizm xəstəliklər üçün "açıq qapı" rolunu oynayır və xəstəlik törədən amillərlə mübarizə edə bilmir. Bu zaman isə ÖLÜM qaçılmaz sonluqdur.
Xəstəliyə homoseksual kişilər, faişələr, narkomanlar arasında daha çox təsadüf edilir. Ancaq bu o demək deyil ki, AİDS yalnız risk qrupu hesab edilən bu insanlar arasında yayılır. Xeyr, burda riskli vəziyyətlər daha əhəmiyyətlidir: təhlükəli cinsi əlaqələr, dezinfeksiya olunmamış tibbi alətlərin istifadəsi, qanköçürmə kimi halları nəzərdən qaçırmaq olmaz. AİDS törədicisi cinsə, yaşa, sosial mövqeyə və seksual oriyentasiyaya məhəl qoymadan hər kəsə yoluxa bilər.
Bu törədici HİV yəni insan immun çatışmamazlığı virusudur. Bütün canlı mayelərdə - qanda, sidikdə, spermada, uşaqlıq yolu və düz bağırsaq sekretlərində, ana südündə aşkarlanır. HİV orqanizmdən kənarda yaşaya bilmir və xoşbəxtlikdən nə məişət, nə də hava-damcı yolu ilə keçmir.
Bəs HİV hansı yolla yoluxa bilər? * Ən başlıcası cinsi yoldur ki, bura istənilən növ təhlükəli cinsi əlaqə aiddir. * Digər yol qanla yoluxmadır. İnsanın HİV ilə infeksiyalaşması üçün bir damla qan bəs edir. Yoxlanılmadan köçürülən qan, qeyri steril tibb ləvazimatları, məsələn, iynələr, stomotoloji və ginekoloji alətlər infeksiya mənbəyi ola bilər. * Həmçinin anadan uşağa yoluxma yolu da mövcuddur, virus hamiləlik və doğuş zamanı dölə, südlə qidalanma zamanı yenidoğulmuşa keçir. Azərbaycanda yenidoğulmuşların 9-unda HİV qedə alınıb.
AİDS-li şəxslər hər cür xəstəliyə çox asan tutulurlar və başqalarından fərqli olaraq onlarda xəstəlik daha ağır gedir və sürətlə inkişaf edir. Ölümün səbəbi isə infeksion xəstəliklər, məsələn qripp və ya şış xəstəlikləri, xərçəng ola bilər.
Ölüm, ayrılıq, şərəfsizlik ləkəsi, ayrıseçkilik, günahı olmadan ailəsiz qalan zavallı körpələr... Bax budur AİDS-in bizə vurduğu zərbələrin nəticəsi. Biz göz görə-görə gələcəyimizin məhv olmasına yol verə bilmərik. Məhz bu səbəbdən AİDS-ə qarşı gənclər hərəkatına başlamışıq və hər birinizi bizə qoşulmağa, ən azından bu haqda düşünməyə dəvət edirik.
Gəlin AİDS-li xəstələrə qarşı cəmiyyətdə mövcud olan radikal münasibəti dəyişməyə cəhd edək. Onsuz da əzablı həyat sürən, dostlarını, cəmiyyətin dəstəyini, sabaha ümidlərini itirmiş bu insanların dərdinə şərik olaq... Axı biz də nə vaxtsa ehtiyatsızlıq etmişik ya da tibbi səhvlərin qurbana çevrilmək ehtimalımız olub...
Gəlin sağlamlığımızın qədrini sağlam ikən bilək! Çünki AİDS düşündüyümüzdən də yaxındır. Yoluxmanın qarşısını almaq xəstəliyi müalicə etməkdən daha asandır. Özümüzü və yaxınlarımızı bütün bunlardan qoruyaq. Cinsi əlaqə zamanı qoruyucu vasitələrdən istifadə etməklə, yüngül əxlaq və riskli həyat tərzindən əl çəkməklə, qeyri-steril tibbi əşyalardan istifadəyə yol verməməklə bir qədər diqqətli və məsuliyyətli olmaqla sağlam gələcəyimizi təmin etmiş olarıq. Sağlamlıq olmayan yerdə xoşbəxtlik də olmur!!!
Allah bizi hər cür xəstəlikdən, ələlxüsus AİDS-dən hifs etsin!..